Sitrus

Sitrus latın dilində həmişəyaşıl ağac və ya limon ağacı deməkdir. Sitrus bitkiləri dünyanın subtropik və tropik ərazilərində yayılmış, 40-dək növü – limon, portağal, naringi, feyxoa və s. məlumdur. Sitrus meyvələri əsasən Aralıq dənizi ölkələrində yetişir. 

Bu ağacların ümumi xüsusiyyəti odur ki, yarpaqları tökülmür və tərkibində efir yağı var. Onun yarpaqları yumşaq və parlaqdır, tərkibindəki təbii mahiyyət sayəsində ətrafda xoş bir qoxu buraxır. Ümumiyyətlə, onların dadı turş olur, lakin yetişdikcə bəzilərinin dadı şirin olur. Sitrus meyvələrinin tərkibində efir yağlarının faizlə miqdarı onların ayrı-ayrı hissələrində müxtəlif olur. Sitrus meyvələrinin tərkibində şəkər, çoxlu miqdarda pektin maddələri, turşular, az miqdarda azotlu maddələr olur. Efir yağları kimi pektin maddələri də, əsasən qabıq hissədə toplanmışdır. Sitrus meyvələrinin tərkibində vitaminlərdən C, P, B1, B2, PP və karotin vardır. Vitaminlər qabıq hissədə ətli hissəyə nisbətən daha çox toplanır. Məsələn, C vitamini ətli hissədə 33-62mq% olduğu halda, qabıq hissədə 121-175mq%-dir. Portağalın qabığında 490 mq% P vitamini vardır. Azotlu maddələrin miqdarı 1%-ə qədər təşkil edir. C vitamini ilə zəngin olan bu bu meyvələr sarı və narıncı rəngləri ilə göz oxşayırlar. Xüsusilə virus sonrası xəstəliklər üçün təbii dərman kimi istifadə olunur. Buna görə də mütəxəssislər qış aylarında onun tez-tez istehlak edilməsinin vacibliyini vurğulayırlar. Orqanların işindən bədən sistemlərinə fayda təmin edən C vitamini hüceyrələrin yenidən qurulmasında xüsusilə aktiv rola malikdir. Mütəxəssislər vurğulayırlar ki, gündəlik 50-100 qram C vitamini əlavəsi qəbulu orqanizmin təbii dərman kimi özünü yeniləməsinə kömək edə bilər. Sitrus bitkilərinin meyvəsi yeyilir, ondan şirə, mürəbbə, kompot, cem və s. hazırlanır. Yarpağı, çiçəyi və meyvəsinin qabığından hazırlanan efir yağı ətriyyatda işlədilir. Məsələn, feyxoanın meyvəsi və şirəsi ateroskleroz, sinqa və qalxanabənzər vəzinin müalicəsində istifadə olunur. Limon hipertoniya, diabet, qara ciyər, naringi xroniki mədə-bağırsaq xəstəliklərinin, portağal xronuki qəbzlik, hipetoniya, qara ciyər, podaqra xəstəliklərinin müalicəsində əhəmiyyətli rol oynayır. Bu insan həyatı üçün qiymətli bitkilərin respublikamızda daha geniş şəkildə becərilməsi əhalinin ərzağa, meyvə-tərəvəzə tələbatı ilə yanaşı tibbi, sağlamlığı baxımından vacib və məqsədəuyğundur. Azərbaycanın cənub bölgəsində sitrusçuluğun inkişafı üçün imkanlar böyükdür. Belə ki, bu bölgə portağal, limon, naringi, qreypfrut, hallabonq və digər sitrus meyvələrin becərilməsi üçün əlverişli təbii iqlim şəraitinə malikdir. Xüsusilə Astara, Lənkəran və Masallı rayonlarında yaşayan əhalinin əsas məşğuliyyəti məhz sitrusçuluqdur və bu regionda yetişdirilən naringi, portağal və limona xaricdə də böyük tələbat var. Bu baxımdan birmənalı şəkildə, demək olar ki, sitrus meyvəçiliyi Azərbaycanda da yüksək iqtisadi səmərəliliyə və ixrac potensialına malikdir.

2024-01-13